Son dəfə bu ölkədə prezident seçkiləri 1992-ci ildə keçirilib. Həmin vaxt Saparmurat Niyazovun səslərin 99.5 % topladığı bildirilmişdi. Türkmən televiziyası səsvemədə iştirak edənlərin sayının 95% olduğunu xəbər verib. Ölkə boyunca 1625 seçki məntəqəsi fəaliyyət göstərib.
Ölkənin mərhum lideri Saparmurat Niyazovun qızıldan olan büstü şəffaf seçki qutularının üzərindən seçicilərə baxırdı. Qutuların yanında isə öyrənilməsi bütün türkmənlər üçün məcburi olan Ruhnamə kitabı qoyulmuşdu. 20 il ərzində cənab Niyazov Türkmənistana tam şəkildə nəzarət edib. Bu, ölkədə keçirilən ilk çox namizədli seçkilərdir. Sabiq lideri əvəz etmək uğrunda altı nəfər yarışıb. Aşqabad şəhərində təhsil alan bir tələbə seçimin çox olmasından razı qaldığını deyib. Amma bu seçimin özü də məhduddur. Belə ki, namizədlərin hamısı ölkədə fəaliyyət göstərən tək bir siyasi partiyanın üzvləridir. Prezidentin vəzifələrini yerinə yetirən Qurbanqulu Berdımuhammedovun isə qələbə çalacağına bənzəyir. Berdımuhammedov deyib ki, qalib gələrsə, mərhum prezidentin başladığı işləri davam etdirəcək.
bbc
|