Ana dili tədbirləri İran hakimiyyətini təşvişə salıb Fevralın 21-i Beynəlxalq Ana Dili günü kimi qeyd olunacaq. Güney Azərbaycandakı Tələbə Hərəkatı bütün türk toplumuna müraciət edərək həmin gün keçiriləcək tədbirlərdə iştirak etməyə çağırıb. Hərəkatın güney şəhərləri boyunca yaydığı bildiriş vərəqələrində Azərbaycan türkcəsinin İranda ikinci dövlət dili elan olunması tələbilə aksiya keçiriləcəyi bəyan olunub. Tələbələr bildiriblər ki, milyonlarla Azərbaycan türkünün yaşadığı bir ölkədə türk dilinin işlənməsinə qadağa qoyulması yolverilməzdir və İran irticasının bu siyasətinə son verilməlidir. Bu xəbərdarlığın yayılmasından dərhal sonra Cənubi Azərbaycanda elan olunmamış hərbi vəziyyətin tətbiqinə başlanılıb. Güneydəki mənbələrdən daxil olan məlumata görə, rəsmi Tehran Cənubi Azərbaycanın iri şəhərlərinə əlavə polis və hərbi qüvvələr yerləşdirib. Küçə və meydanlarda nəzarət xeyli gücləndirilib. Güney Azərbaycanda milli fəallara qarşı təzyiqlərin daha da şiddətləndiyi barədə “Media forum” saytı da xəbər yayıb. Saytın məlumatına görə, fevralın 14-də ETTELAAT-ın Əhər şəhər şöbəsi 100-ə yaxın tanınmış milli fəalın evinə zəng edərək onları ETTELAAT-a çağırıb. Qurumun yerli şöbəsində milli fəallara bildiriblər ki, heç kəs fevralın 16-dan sonra Əhərdən Təbrizə və ya Ərdəbilə gedə bilməz. Milli fəallardan ana dili günü evdə oturacaqları barədə yazılı izahat alınıb. Məlumatda o da bildirilir ki, izahat yazmaqdan imtina edən bir qrup fəal, o cümlədən Saleh Molla Abbasi həbs edilib. Tutulanların taleyi ilə bağlı hələlik məlumat yoxdur.
müsavat
|