Prezidentin Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması ilə bağlı ötən ilin oktyabrında imzaladığı fərmana müvafiq olaraq, dövlət proqramı hazırlanıb. Proqrama əsasən, 2015-ci ilə qədər beş minə yaxın gəncin xarici ölkələrdə təhsil almasına şərait yaradılacaq.
Təbii ki, bu zaman tələbələrin təhsil xərclərini dövlət öz üzərinə götürəcək. Bu barədə məlumat verən təhsil nazirinin müavini Elmar Qasımovun sözlərinə görə, belə təhsil ocaqları sırasına ABŞ, Yaponiya, Almaniya, Fransa, Malayziya və digər ölkələrin tanınmış universitetləri daxildir. E.Qasımov hazırda xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin sayının 1000 nəfərə yaxın olduğunu bildirdi. Öyrəndik ki, azərbaycanlı gənclərin təqribən 800-ü Türkiyənin təhsil ocaqlarında oxuyur. Təhsil nazirinin müavini onu da qeyd etdi ki, Azərbaycanda təhsil almaq istəyən xarici ölkə gənclərinin sayı ilbəil artır. E.Qasımovun dediyinə görə, bu, ölkədə mövcud olan sabitliyin göstəricisidir: "Hazırda Azərbaycanda altı minə yaxın xarici ölkə vətəndaşı təhsil alır. Halbuki 1999-cu ildə ölkədə təhsil alan xarici ölkə vətəndaşlarının sayı 1200 nəfər idi". Elmar Qasımov Azərbaycana xarici ölkələrin marağının artdığını da qeyd edib. O bildirdi ki, hazırda Azərbaycanda təhsil alan xarici ölkə vətəndaşları 50 dövləti təmsil edirlər.
ayna |